İRAQ İLKİN ŞƏRT QOYULMADAN BEYNƏLXALQ MÜFƏTTİŞLƏRİ QƏBUL ETMƏYƏ RAZI OLMUŞDUR
Bağdad BMT-nin tələbini yerinə yetirərək, ölkə ərazisindəki kütləvi qırğın silahlarının saxlanıla, işlənib hazırlana və yaxud istehsal oluna biləcəyi hərbi obyektləri təftiş edəcək beynəlxalq müşahidəçiləri qəbul etməyə razı olmuşdur. Bu barədə BMT-nin Baş katibi Kofi Annan bazar ertəsi axşam keçirilmiş təcili mətbuat konfransında xəbər vermişdir. O demişdir ki, “İraq hökumətindən məktub almışdır və həmin məktubda heç bir ilkin şərt irəli sürülmədən müfəttişlərin qayıdıb öz işlərini davam etdirməsinə icazə verildiyi bildirilir”. Baş katibin sözlərinə görə, məktubda eyni zamanda “öz işlərini bərpa etmək üçün müfəttişlərin qayıtmasına imkan verə biləcək praktik tədbirlərin təcili müzakirəsinə başlanmasına” hazırlıq da öz əksini tapmışdır.
Kofi Annan xəbər vermişdir ki, İraq rəhbərinin məktubunu BMT-nin Təhlükəsizlik Şurasına təqdim etmişdir. BMT TŞ “növbəti addımının nədən ibarət olacağını” həll etməlidir. BMT-nin İraqın hərbi proqramlarının monitorinqi üzrə komissiyasının başçısı Hans Bliks və onun qrupu İraqda işi davam etdirməyə hazır olacaqlar.
İTAR-TASS-ın verdiyi xəbərə görə, ABŞ hökuməti BMT-nin beynəlxalq təftişlərinin bərpa edilməsinə İraqın razı olmasını şübhə ilə qarşılamışdır. Ağ evin yaydığı bəyanatda deyilir ki, Bağdadın qərarı “BMT Təhlükəsizlik Şurasının qətiyyətli hərəkətlərindən yaxa qurtarmaq ümidi ilə atılmış taktiki addımdan” savayı bir şey deyildir. Problem təftişlərdə deyildir. Problem İraqın kütləvi qırğın silahlarının məhv edilməsindən və Təhlükəsizlik Şurasının əvvəlki bütün qətnamələrinin İraq rejimi tərəfindən yerinə yetirilməsindən ibarətdir.