“İSLAM DİNİNİN MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ ROLU” MÖVZUSUNDA YAY MƏKTƏBİNİN QUBADA SEMİNARI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşkilatçılığı ilə “İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu” mövzusunda yay məktəbi çərçivəsində Qubanın Qırmızı qəsəbəsindəki yəhudi sinaqoqunda seminar işə başlamışdır.
Amerika, Avropa, Afrika və Orta Asiyanın 15 ölkəsindən 30-a yaxın tələbə və gənc diplomatın iştirak etdiyi seminarda dünyanın tanınmış təhsil ocaqlarının müəllimlərinin mühazirələri dinləniləcək, Azərbaycanda mövcud yüksək dini tolerantlıq, İslam dininin əsasları, dinlərarası münasibətlər, dini azlıqların vəziyyəti və digər məsələlər müzakirə olunacaqdır.
Azərbaycan Diplomatik Akademiyasının təlim proqramları üzrə direktoru Fariz İsmayılzadə demişdir ki, yay məktəbinin keçirilməsindən məqsəd İslam dininin beynəlxalq münasibətlərdə rolunu öyrənmək və onu sülh, sosial ədalət dini kimi tədqiq etməkdir. Belə seminarlar Azərbaycanın digər bölgələrində də keçiriləcəkdir.
Sonra qonaqlara Azərbaycanın tarixi, coğrafiyası, təbii ehtiyatları, turizm imkanları, mədəniyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə yaşayan yəhudilərin və digər millətlərin hüquqlarının qorunması, Azərbaycan-İran münasibətləri haqqında məlumatlar verilmiş, bütün dini icmalara bərabər şəraitin yaradıldığı konkret faktlarla diqqətə çatdırılmışdır.
Tədbirdə iştirak edən estoniyalı tələbə Siri Levandey, mozambikli tələbə Zaqueu Rançez Azərbaycanda dini tolerantlığın dünya ölkələri üçün nümunə ola biləcəyini vurğulamışlar.
Yay məktəbinin seminarı iyulun 19-da işini davam etdirəcəkdir.
Qonaqlar Qubadakı kütləvi məzarlıqda, tarix-diyarşünaslıq və xalçaçılıq muzeylərində də olacaqlar.
######
