İSLAM İNKİŞAF BANKININ BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQİNVESTİSİYA KONFRANSI UĞURLA BAŞA ÇATMIŞDIR
Tədbirdə yerli şirkətlərin və biznes layihələrinin təqdimatı olmuş, enerji, yüngül və ağır sənaye, bank, maliyyə, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya-kommunikasiya texnologiyaları sahələri üzrə müzakirələr və ikitərəfli görüşlər keçirilmişdir.
Beynəlxalq konfransın yekununda çıxış edən iqtisadi inkişaf naziri Heydər Babayev bildirmişdir ki, İslam İnkişaf Bankının üzvü olan ölkələrdən 100-dən çox iş adamının, habelə Azərbaycanın dövlət orqanlarının, ölkəmizdəki səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçilərinin, yerli iş adamlarının iştirak etdikləri tədbir çox uğurla baş tutmuşdur. Konfransda qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.
İki gün davam edən tədbirdə Azərbaycanın investisiya imkanlarının ətraflı müzakirə edildiyini diqqətə çatdıran nazir demişdir ki, Beynəlxalq konfrans respublikamızın böyük iqtisadi potensiala malik olduğunu bir daha nümayiş etdirmişdir.
Tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirən İslam İnkişaf Bankının nümayəndəsi Bəşir Ömər Məhəmməd Fədalla yekun bəyannamənin təklif olunan layihəsi barədə məlumat vermişdir. O bildirmişdir ki, konfransda iştirak edən İİB-in üzvü olan 15 ölkənin, habelə Rusiyanın və Hindistanın iş adamları Azərbaycanın sürətli iqtisadi inkişafı ilə yaxından tanış olmuşlar. Bu da onlarda Azərbaycanda bizneslə məşğul olmağa, sərmayə qoymağa maraq oyatmışdır. Bundan əlavə, konfrans Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitliyi bir daha sübut etmişdir.
Konfransın nəticələrinə gəlincə, Bəşir Ömər Məhəmməd Fədalla qeyd etmişdir ki, banka üzv ölkələr Azərbaycan ilə əməkdaşlığı möhkəmləndirməyə və sərmayə qoyuluşuna dair qərar qəbul etmişlər. Bundan əlavə, Azərbaycanda 100 milyon ABŞ dolları məbləğində kapitalı olacaq investisiya şirkəti yaratmaq barədə ilkin qərar qəbul olunmuşdur.
Konfransın yekun qərarını iştirakçılar noyabrın 10-da təsdiq edəcəklər.
Azərbaycanı müsəlman dünyasının əziz bir ölkəsi kimi səciyyələndirən İİB-in prezidenti Əhməd Məhəmməd Əli, konfransda qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu demişdir. O, konfransın üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından vacibliyini vurğulamışdır.
X X X
Konfrans başa çatdıqdan sonra iqtisadi inkişaf naziri Heydər Babayev və İİB-in prezidenti Əhməd Məhəmməd Əli mətbuat konfransı keçirmişlər.
H.Babayev bildirmişdir ki, iki gün davam edən konfransda Azərbaycanın özəl sektorunu təmsil edən şirkətlərin, ümumilikdə 90 milyon dollar dəyərində layihələrin maliyyələşdirilməsinə dair razılıq əldə olunmuşdur. Bundan əlavə, su elektrik stansiyaları ilə bağlı layihənin icrası üçün “Azərenerji” Səhmdar Cəmiyyətinə 85 milyon dollar kredit ayrılması barədə də ilkin razılıq əldə edilmişdir.
Konfransın nəticələrini yüksək qiymətləndirən Əhməd Məhəmməd Əli, tədbirdə Azərbaycanın iqtisadi potensialı ilə yaxından tanış olduqlarını diqqətə çatdırmışdır. Bankın prezidenti, sözügedən kreditlərdən əlavə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı İİB-in planları olduğunu demişdir. Bu məsələ Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşdə də müzakirə olunmuşdur.