İsmayıllıda AMAL layihəsinin təqdimatı keçirilib
İsmayıllı, 20 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kampaniya çərçivəsində İsmayıllıda İsmayıllı, Oğuz və Qəbələ rayonlarının gəncləri ilə görüş keçirilib. Görüşə AMAL internet saytı üzərindən müraciət edən gənclərlə yanaşı, aqrar sahə üzrə ali, peşə məktəbi və kollec təhsili alan, təsərrüfat yaratmağa marağı olan və ya artıq müəyyən kiçik təsərrüfatı olan 18-35 yaşlı gənclər dəvət ediliblər. Gənclərə doğru məlumatın çatdırılması, onların səfərbər edilməsi məqsədilə yerli özünüidarəetmə qurumlarının - bələdiyyələrin nümayəndələri də tədbirə qatılıblar.
Görüşü rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Namiq Məmmədov, Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə çıxış ediblər.
Gənclərə layihə barədə məlumat verilməklə yanaşı, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə ilkin məlumat verilib.
Qeyd edək ki, AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə başladığı yeni layihədir. Layihə ölkədə gənclərin aqrar sahəyə marağının yüksəldilməsini, yeni və innovativ ideyaların dəstəklənməsini, kənd yerlərində yaşayan gənclərin məşğulluğunun artırılmasını, gənc fermerlərin aqrar sahədə biliklərinin artırılmasını nəzərdə tutur.