İSMAYILLIDAKI “FAZİL” FERMER TƏSƏRRÜFATI SAHİBKARLIĞA DÖVLƏT QAYĞISI SAYƏSİNDƏ İLDƏN-İLƏ DAHA DA GENİŞLƏNİR
İsmayıllı rayonundakı “Fazil” fermer təsərrüfatı ildən-ilə öz fəaliyyətini genişləndirir.
Təsərrüfatın 85 hektar torpaq sahəsi vardır. Hər il hektardan, rayon üzrə orta göstəricidən 10-15 sentner çox, yəni 30- 35 sentner taxıl götürülür. Gəlirlər artdıqca fermer təsərrüfatının maddi-texniki bazası da möhkəmlənir, fəaliyyət istiqamətləri genişlənir. Əsasən taxılçılıq üzrə ixtisaslaşmış təsərrüfatda son vaxtlar heyvandarlığa da diqqət yetirilir. İndi burada 83 başadək iribuynuzlu mal-qara saxlanılır.
İxtisasca kənd təsərrüfatı mütəxəssisi olan Fazil İsayev AZƏRTAC-ın muxbir ilə söhbətində sözün əsil mənasında qol-qanad açmasını Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli şəraitlə izah edir:
-”Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən istifadə etdiyimiz yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, hər hektar taxıl sahəsi üçün 40 manat dotasiya verilməsi çox böyük stimullaşdırıcı amildir. Bazar problemimiz də yoxdur. Belə ki, istehsal etdiyimiz məhsulları maneəsiz olaraq Bakıda kənd təsərrüfatı məhsulları yarmarkalarında satırıq.
F.İsayevin təsərrüfatda çalışan 4 oğlu və 1 qızı aqrar sahə üzrə ali təhsil almışlar. Onlar atalarının adını daşıyan təsərrüfatın daha da çiçəklənməsi üçün səylərini əsirgəmirlər.
Əlbəttə, ildən-ilə genişlənən təsərrüfatı təkcə ailə üzvlərinin qüvvəsi ilə idarə etmək çətindir. Ona görə də Fazil İsayev müqavilə əsasında işçilər də cəlb etmişdir. Hazırda burada 30 nəfər çalışır. Mövsüm zamanı onların sayı artır. İşçilərin əksəriyyəti ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.