İspaniya koronavirusa qarşı vaksinlərin mərkəzləşdirilmiş qaydada alınmasına qoşulub
Madrid, 26 avqust, AZƏRTAC
İspaniya Avropa İttifaqına (Aİ) üzv olan digər dövlətlərlə birlikdə COVID-19 infeksiyasına qarşı Oksford Universitetinin (Böyük Britaniya) tədqiqatçıları tərəfindən “Astrazeneca” şirkətində hazırlanmış vaksinlərin Avropa Komissiyası (AK) vasitəsilə həyata keçirilən mərkəzləşdirilmiş qaydada alınmasına qoşulub.
AZƏRTAC İspaniya Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, vaksinlər ölkələr arasında əhalinin sayına görə bölüşdürüləcək. Ümumilikdə götürdükdə, bu bölgüdə İspaniyanın payına 30 milyon dozalıq vaksin düşür.
Son həftələrdə Avropa Komissiyası ən qabaqcıl alternativlərdən sayılan “Astrazeneca” şirkətinin vaksinlərinin mərkəzləşdirilmiş qaydada alınması barədə razılıq əldə edib. Hazırda bu vaksinin təhlükəsizliyini və effektivliyini təmin etmək istiqamətində klinik sınaqlar keçirilir.
AK-nin danışıqlar komitəsi İspaniyanın qoşulduğu bu ilk razılaşmaya əlavə olaraq, Avropa İttifaqının və üçüncü ölkələrin vaksinə olan tələbatlarını ödəmək məqsədilə alternativ vaksinlər hazırlayan müxtəlif şirkətlərlə danışıqları davam etdirir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid