İsrail nümayəndələri yerli şirkətlərlə danışıqlar aparacaqlar
Bakı, 16 may (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan və İsrail informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətləri arasında biznes forumu keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, forumu açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qonaqları İsrailin dövlət bayramı münasibətilə təbrik etmişdir.
Nazir müavini ölkəmizin başçısı İlham Əliyev tərəfindən İKT sektoruna göstərilən dövlət qayğısından danışmış, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermişdir. Milli telekommunikasiya peykinin orbitə çıxarılması, “Elektron hökumət” layihəsinin icrası barədə məlumat verən nazir müavini bu istiqamətlər üzrə İsrail şirkətlərinin böyük təcrübəsinin olduğunu xatırladaraq gələcək əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulamışdır.
İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem hər iki ölkə arasında əməkdaşlığın inkişaf etməsini yüksək dəyərləndirərək İKT sahəsində də əlaqələrin genişlənməsinin təqdirəlayiq hal olduğunu qeyd etmişdir. Səfir keçirilən görüşlərdə şirkətlər arasında yeni əməkdaşlıq əlaqələrinin yaranacağına ümidvar olduğunu bildirmişdir.
İsrailin telekommunikasiya nazirinin müavini Eden Bar Tal ölkə nümayəndələrinin arasında həm dövlət, həm də özəl şirkətlərin əməkdaşlarının olduğunu qeyd edərək imzalanacaq sazişlərin dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacağını diqqətə çatdırmışdır.
Sonra İsrail və Azərbaycan İKT şirkətləri ilə tanışlıq olmuş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, bir neçə gün ölkəmizdə olacaq İsrail nümayəndələri yerli şirkətlərlə danışıqlar aparacaqlar.