İsrail parlamentinin deputatı: Dünya Azərbaycanın Xocalı şəhərində qanlı qırğın barədə həqiqəti bilməlidir
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı qurbanlarının bu qorxunc fotoşəkilləri ilk dəfə görəndə şok keçirdim. Xocalıda faciəli hadisələrə həsr olunmuş bu fotosərgini məni sarsıtdı. Gördüklərimdən şoka düşmüşəm. Fotoşəkillərdə gördüklərim - uşaqların, qocaların və qadınların qətli amansızlıq və vəhşilikdir.
Bu sözləri “Eş Atid” (“Gələcək var”) mərkəzçi partiyasından Knessetin deputatı Rina Frenkel səsləndirmişdir.
AZƏRTAC “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasına (“Azİz”) istinadla xəbər verir ki, deputat bu fikri Heydər Əliyev Fondunun dəstəyi ilə Təl-Əvivdə, Şimon Peres adına nüfuzlu və mötəbər Dünya Mərkəzində “Azİz” assosiasiyası tərəfindən təşkil edilən “Xocalıya ədalət!” fotosərgisi ilə tanış olduqdan sonra demişdir.
İsrail deputatının sözlərinə görə, “Xocalıya ədalət!” fotosərgisi ona bu ilin yanvarında İsrail nümayəndə heyətinin tərkibində Polşaya səfərini xatırlatmışdır. Burada o, Osvensim həbs düşərgəsi muzeyində olmuşdur.
R.Frenkel demişdir: “Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə belə qəddarlığı izah etmək mümkün deyil. İnana bilmirsən ki, bu hadisə XX əsrin sonlarında baş verib. Bu qorxunc fotoşəkilləri görəndən sonra həbs düşərgəsini və Osvensim ölüm düşərgəsini yada saldım. Bilirəm ki, azərbaycanlılar və yəhudilər bir-birini həmişə qardaş sayıblar. Holokostu yaşamış yəhudi xalqı dəhşətli və qanlı Xocalı qırğını ilə üzləşmiş Azərbaycan xalqını hamıdan yaxşı başa düşür. Dünya Azərbaycanın Xocalı şəhərində qanlı qırğın barədə həqiqəti bilməlidir”.