İsrail politoloqu: Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir
Bakı, 30 aprel (AZƏRTAC). İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan-İsrail strateji tərəfdaşlığının memarlarından biridir. Bu, İsrailin xarici siyasət idarəsinin başçısı vəzifəsinə qayıdandan sonra Aviqdor Libermanın Cənubi Qafqaza ilk səfəridir. Bu səfər ikitərəfli münasibətlərin inkişafına və möhkəmlənməsinə doğru atılmış əhəmiyyətli addımdır. Bu sözləri İsrail politoloqu Arye Qut AZƏRTAC-a müsahibəsində səsləndirmişdir.
O demişdir ki, İsrail Dövləti Azərbaycan ilə münasibətlərinin 22 illik tarixi ərzində rəsmi Bakının çoxşaxəli xarici siyasətinə böyük hörmətlə yanaşmışdır. İsrail yaxşı başa düşür ki, bu siyasət sayəsində Azərbaycanın xarici siyasət konsepsiyasında əlahiddə, mən deyərdim, müstəsna yer tutmuşdur. A.Libermanın kənd təsərrüfatı, telekommunikasiyalar, hərbi sənaye sahəsində iri şirkətlərin təmsilçilərindən ibarət sanballı nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi faktı bir daha təsdiq edir ki, Azərbaycan-İsrail münasibətlərinin möhkəm və sabit iqtisadi bazası var və bundan sonra da olacaqdır.
Ötən il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi İsrail-Fransa ticarət dövriyyəsini üstələyərək, 4 milyard ABŞ dollarından çox olmuşdur. Vurğulamaq istəyirəm ki, ticarət dövriyyəsinin başlıca maddəsi enerji sektorudur.
İsrail neft-qaz, telekommunikasiya, kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyaların göndərilməsində Azərbaycanın mühüm strateji tərəfdaşıdır. İsrail hərbi sənayenin yaradılmasında və inkişaf etdirilməsində Azərbaycana kömək edən strateji ölkələrdən biridir. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını daim bəyan edir. İsrail Prezidenti Şimon Peres və İsrail XİN-in başçısı Aviqdor Liberman bunu dəfələrlə bəyan etmişlər.
A.Qut daha sonra demişdir: “İsrail Dövləti 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibət bəslənməsində məhz Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu yüksək qiymətləndirir. Azərbaycanda heç vaxt antisemitizm təzahürləri olmamış və olmayacaqdır. Biz, Azərbaycandan gəlmələr, eləcə də Azərbaycan diasporu bu tolerantlıq və dini dözümlülük faktoru ilə həmişə qürur duymuşuq. Azərbaycan həqiqətən sivilizasiyalararası dialoq nümunəsidir”.