İSTANBULDA ARDNŞ İLƏ TURCAS ARASINDA MÜŞTƏRƏKŞİRKƏT QURULMASINA DAİR PROTOKOL İMZALANMIŞDIR
“ARDNŞ-Turcas Enerji AŞ” adlanacaq şirkətin yaradılmasından məqsəd Ceyhanda neftayırma üzrə sərmayələri müəyyənləşdirmək, təbii qazın idxalı və topdan satışını həyata keçirmək, habelə “Turcas”ın Xəzərdə neft yataqlarının kəşfiyyatı və hasilat işində iştirakını təmin etməkdir.
İmzalanma mərasimindən sonra keçirilmiş mətbuat konfransında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev son 10 ayda Azərbaycanda neft hasilatının rekord səviyyəyə çatdığını bildirmişdir. Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ildə 60 milyon ton neft hasil olunacaqdır. Azərbaycanın indi xarici ölkələrin neft sektoruna sərmayə qoymaq gücündə olduğunu diqqətə çatdıran ARDNŞ-in prezidenti, Türkiyənin bu sərmayələrə uyğun üçüncü ölkə olduğunu bildirmişdir.
Ərdal Aksoy da ARDNŞ ilə birlikdə “Şahdəniz” qazını dünya bazarlarına çıxarmaq üçün geniş əməkdaşlıq planının hazırlandığını söyləmişdir. Bu sahədə həyata keçiriləcək layihələrin dəyərinin 1 milyard dollardan başlayacağnı qeyd edən “Turcas”ın rəhbəri, əsas hədəfin 4 il müddətində Ceyhanda illik istehsal həcmi 20 milyon ton olan iri neftayırma zavodunun işə salınması olduğunu demişdir. İlkin sərmayənin 51 faizi Azərbaycana, 49 faizi isə Türkiyəyə məxsus olacaqdır.