MƏDƏNİYYƏT
İstanbulda “Səninləyik, Türkiyə” kitabı təqdim edilib
İstanbul, 4 noyabr, Günel Karatepe, AZƏRTAC
“Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr etdirilən “Səninləyik, Türkiyə” kitabında Türk dünyasının görkəmli şairlərinin 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə bağlı şeirləri toplanıb. Şeirləri bu kitaba daxil olan şairlərə təşəkkür etmək və Uca Yaradanın bir daha Türk dünyasına bu cür faciələr yaşatmamasını arzulayıram. Türk Mədəniyyəti və İrsi Fondu olaraq biz də öz növbəmizdə bir daha həmin şüara uyğun olaraq bəyan edirik ki, səninləyik, Türk dünyası”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda ifadə edilib.
Sərgi çərçivəsində təqdimatı keçirilən kitab haqqında məlumat verilən məktubda fondun fəaliyyəti və təsis etdiyi yeni kitab seriyalarından bəhs edilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, kitabın tərtibçisi və tərcüməçisi Səlim Babullaoğlu bildirib ki, bir neçə ay ərzində hazırlanan bu nəşr layihəsində zəlzələ qurbanlarına həsr olunan şeirlər və fotolar toplanıb. Antologiyada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Cümhuriyyətindən olan şairlər, o cümlədən başqırd, çuvaş, uyğur, tatar, qaqauz şairlərin, bir sözlə, böyük Türk dünyasını təmsil edən söz sənətkarlarının zəlzələ qurbanlarına həsr etdikləri poetik əsərləri yer alıb.
Sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev təqdim olunan kitabın hazırlanması və bu layihənin əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edərək ərsəyə gətirilən işin tarixi-mənəvi əhəmiyyətindən bəhs edib.
Tarixdə baş verən oxşar təbiət hadisələri barədə düşüncələrini iştirakçılarla paylaşan “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Əli Bəy Hüseynzadənin 1939-cu ildə Ərzincanda baş verən zəlzələ haqqında yazdığı “Zəlzələ dolayısı” şeiri haqqında danışıb. O, azərbaycanlı fikir adamlarının heç vaxt Türkiyənin dərdlərinə biganə qalmadığını, daim qardaş xalqın kədərini öz kədəri, sevincini öz sevinci kimi hiss etdiyini deyib.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn həmin dəhşətli zəlzələ barədə kitabda yer alan şeirləri təhlil edərək zəlzələnin məşhur qəhrəmanlarına çevrilmiş bir sıra konkret şəxslərə ünvanlanan poetik əsərlər barədə fikirlərini bölüşüb. Fərid Hüseyn zəlzələdə atasını itirən 12 yaşlı Cəmilə adlı qıza həsr etdiyi “Dünyanın ən uzun otuz saatı” adlı şeirinin yaranma tarixçəsindən söz açıb.
Tanınmış şair Qismət Rüstəmov isə “Ədəbiyyat və faciə” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə tanınmış qiraətçilər Hüseynağa Aslanov və Jalə Novruz kitabda yer alan şeirlərdən parçalar səsləndiriblər.
Sonda Türk Mədəniyyəti və İrsi Fondu adından türkiyəli oxuculara “Səninləyik, Türkiyə” kitabı hədiyyə olunub.