İstehlakçıların maarifləndirilməsi tədbirləri davam etdirilir
Bakı, 30 sentyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması və bu sahədə xüsusi əhəmiyyət kəsb edən istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Sentyabrın 30-da Lənkəranda Dövlət Xidmətinin təşkilatçılığı ilə 200-dən çox istehlakçının iştirak etdiyi “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artmasının əhəmiyyətini diqqətə çatdıran A.Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, istehlakçıların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan əhəmiyyətini vurğulayıb.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən maarifləndirmə işləri barədə məlumat verən A.Əliyev qeyd edib ki, 2015-ci ilin ötən səkkiz ayında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 60 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 3 min 200 yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc olunur və birgə televiziya verilişləri hazırlanır.
Dövlət Xidməti rəisinin müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunması istiqamətində həyata keçirilən inzibati tədbirləri də diqqətə çatdırıb. Vurğulayıb ki, 2015-ci ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 7,7 ton müxtəlif növ ərzaq, 0,2 ton qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Konfransda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif mövzularda məruzələr dinlənilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.