DÜNYA
İsveçlilər dünyada ən darıxdırıcı konsert izləyiciləridir?
![İsveçlilər dünyada ən darıxdırıcı konsert izləyiciləridir?](/files/2023/3/1200x630/169913871382856028_1200x630.jpg)
Stokholm, 5 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Basta Rayms və Beyons kimi dünya ulduzları İsveç publikasını onun passivliyi və cansıxıcılığına görə tənqid ediblər.
Basta Rayms oktyabrda Stokholmda konsertlə çıxış edəndə hip-hop ifaçısı İsveç publikasını “Ayağa qalxın və şəhərinizi təmsil edin! Siz elə yorğun görünürsünüz ki! Siz qocalara bənzəyirsiniz, ayağa qalxın!” kimi çağırışlarla qəzəbləndirib.
AZƏRTAC xəbər verir ki, İsveç publikasının passivliyini tənqid edən təkcə o deyil. Ötən yay “Friends Arena”nın səhnəsində Beyonsun çıxışı internetdə fenomenə çevrildi. Çünki kütlə çox sakit və hərəkətsiz idi. “Tik-Tok”da izləyicilər ulduzun konsertindən paylaşımın altında belə şərhlər yazmışdılar: “Beyons bütün bacarığını ortaya qoydu, İsveç publikası isə elə bil operada oturmuşdu!!!”.
İsveçli müğənni Zara Larsson instaqram hesabında ulduzlara müraciətində deyib: “Mən elə utanıram ki. Xahiş edirəm, sizə yalvarıram, yenə də gəlin!”.
Auditoriya ilə təmasın olmamasının səbəblərindən biri ifaçıların çıxış etdikləri arenalardır. Basta Rayms təxminən 16 min tamaşaçı yeri olan “Avicii Arena”da, Beyons isə təxminən 65 min yerlik “Friends Arena”da çıxış edib.
Kamera və klub konsertlərindən fərqli olaraq, belə konsert arenalarında artistlə publika arasında məsafəni adlamaq hətta ən təcrübəli müğənniyə nəsib olmur.
Lakin heç də dünya ulduzlarının hamısı İsveç tamaşaçısından narazı qalmayıb. Madonna oktyabrın sonunda İsveçdə çıxış edərkən instaqramda bu postu ilə publikaya təşəkkürünü bildirib: “On bal! Sağ ol, Stokholm!”.
Maraqlıdır ki, professor-etnoloq Oke Daunun 1989-cu ildə nəşr edilən “İsveç mentaliteti” kitabında isveçlilər sakit, laqeyd və ünsiyyətsiz insanlar kimi göstərilib.