İsveçrədə Xocalı faciəsindən bəhs edən kitab və filmin təqdimatı olub
Bern, 21 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Berndə Xocalı soyqırımından bəhs edən kitab və filmin təqdimatı olub.
Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı dünyada müxtəlif xalqların həyatında faciəli məqamların olduğunu, amma öz miqyasına və amansızlığına görə Xocalı soyqırımının onlardan tamamilə fərqləndiyini diqqətə çatdırıb.
Azərbaycanın tarixi torpağı Dağlıq Qarabağ ərazisində yerləşən, azsaylı əhalisi olan kiçik Xocalı şəhərində ermənilərin keçmiş sovet ordusunun Xankəndində dislokasiya olunmuş 366-cı alayının köməyi ilə fevralın 25-dən 26-na keçən gecə törətdikləri soyqırımından danışan səfir bu hadisənin XX əsrin görünməmiş faciəsi olduğunu deyib.
Diplomat şəhərin əvvəlcə bir neçə istiqamətdə top və minamyot atəşinə tutulduğunu, 150 azərbaycanlı hərbçini qətlə yetirdikdən sonra azğınlaşmış ermənilərin dinc əhaliyə divan tutduqlarını qeyd edib. Doğma ata-baba yurdlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilərin həmin faciəli gecədə hətta günahsız qadınlara, uşaqlara və yaşlı insanlara belə aman vermədikləri, 8 ailəni isə tamamilə məhv etdikləri bildirilib.
Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi qiymət verməməsinin təəssüf doğurduğunu diqqətə çatdıran Ə. Zeynallı məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil olunan konfranslar, təqdimatlar və digər tədbirlər sayəsində artıq əksər ölkələrin XX əsrin ən ağrılı və qanlı faciəsi barədə ətraflı məlumat əldə etdiklərini, bir sıra ölkələrin parlamentlərinin faciəni rəsmən soyqırımı kimi tanıdığını vurğulayıb.
Səfir Xocalı faciəsi ilə bağlı tədbirin İsveçrə auditoriyasını tam məlumatlandırmağa istiqamətləndirildiyini bildirib və yaxın gələcəkdə İsveçrə parlamentinin də bu soyqırımını tanıyacağına ümidvar olduğunu bildirib.
Avropa Azərbaycan Cəmiyyətinin təmsilçisi Yan Pert ölkəmizə səfərləri zamanı Xocalı faciəsi haqqında ətraflı məlumat əldə etdiyini və dünya ictimaiyyətini soyqırımı barədə daha dolğun məlumatlandırmaq üçün kitab nəşr etdirmək qərarına gəldiyini deyib. O, Xocalı faciəsini yaşamış insanlarla söhbət və soyqırımı ilə bağlı dərc olunan materiallar əsasında “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının ərsəyə gəldiyini vurğulayıb. Kitabın ingilis dilində nəşr olunduğu, dünya ictimaiyyətinin marağını nəzərə alaraq onun digər dillərə də tərcümə ediləcəyi bildirilib.
İsveçrəli tarixçi-jurnalist Andre Vidmer müəllifi olduğu “Unudulmuş münaqişə” kitabı üzərində işləyərkən Ermənistana və Azərbaycana səfərlər etdiyini, bu zaman münaqişənin doğurduğu ağır nəticələrin şahidi olduğunu, onun tarixi köklərini araşdırdığını, əsl həqiqəti aşikar etdiyini deyib.
İsveçrənin rəsmi şəxslərinin, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, Türkiyə və Azərbaycan diaspor təmsilçilərinin iştirak etdikləri tədbirdə litvalı prodüser Aleksandras Brokasın “Sonsuz dəhliz” filmi nümayiş etdirilib, qonaqlara Xocalı faciəsindən bəhs edən kitablar təqdim olunub.
Tədbirdə, həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə” rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern