İsveçrənin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
Bakı, 2 iyul, AZƏRTAC
Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Müriel Peneveyre ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu söyləyən nazir Elmar Məmmədyarov ötən həftə baş tutmuş iqtisadi və ticarət məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasını bu xüsusda mühüm tədbir qismində qiymətləndirib.
Səfir Müriel Peneveyre ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulayıb.
Görüşdə səfir Müriel Peneveyre etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Sonda nazir Elmar Məmmədyarov səfir Müriel Peneveyre diplomatik fəaliyyətində uğurlar arzu edib.