İQTİSADİYYAT
“ITU Telecom World 2016” beynəlxalq sərgisində Azərbaycan pavilyonu açılıb
Bakı, 14 noyabr, AZƏRTAC
Tailandın paytaxtı Banqkokda keçirilən “ITU Telecom World 2016” beynəlxalq sərgisində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonu açılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 14-də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə “ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı işə başlayıb. Sərgidə sahə üzrə nazirlər, sahibkarlar, tənzimləyici orqanların nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak edir.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətlər təmsil olunurlar.
Tədbirə 128 ölkədən 25 min ziyarətçinin qatılacağı gözlənilir. Sərgidə Azərbaycan pavilyonu ilə yanaşı, 30-dək milli pavilyon nümayiş olunur.
Sərginin rəsmi açılışından sonra Tailand Krallığının Şahzadəsi Maha Çakri Sirindhon, Tailandın Baş naziri Prayut Çan-o-Ça və BTİ-nin baş katibi Hulin Zao VİP tur çərçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar.
İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2016” fəaliyyətini noyabrın 18-dək davam etdirəcək.
Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, müzakirələr və fikir mübadiləsi aparılacaq, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək. Bundan əlavə, ölkə təmsilçilərimizin nazirlər toplantısında çıxışı, ikitərəfli görüşləri planlaşdırılır.