İyulun 15-də Minskdə MDB-nin Daimi Nümayəndələri Şurasının növbəti iclası keçiriləcəkdir
Bakı, 9 iyul (AZƏRTAC). 2014-cü iyulun 15-də MDB İcraiyyə Komitəsində Birliyin iştirakçıları olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının növbəti iclası keçiriləcəkdir.
İclasda MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev iştirak edəcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilmiş məlumata görə, səlahiyyətli daimi nümayəndələr Sərhəd Qoşunları Komandaları Şurasının MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi üzrə fəaliyyətini müzakirə edəcəklər.
Sərhəd Qoşunları Komandaları Şurası MDB ölkələrinin Dövlət Başçıları Şurasının Birlik ölkələrinin xarici sərhədlərində uzlaşdırılmış sərhəd siyasətinin təmin edilməsi sahəsində sərhəd idarələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi məsələləri üzrə baş orqanıdır.
1992-ci ildən bu günə qədər Komandanlar Şurasının 71 iclası və Sərhəd Qoşunları Komandaları Şurasının yaradılmasının 20 illiyinə həsr edilmiş bir yubiley iclası keçirilmişdir.
2011-ci ildən Şura çərçivəsində əməkdaşlığın yeni forması - MDB iştirakçısı olan dövlətlərin Sərhəd İdarələri Rəhbərlərinin regional müşavirələri inkişaf edir.
Sərhəd idarələri mütəxəssislərinin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müntəzəm işçi görüşlər keçirilir. 2000-ci ildən bu günə qədər 60-dan çox işçi görüş keçirilmişdir. Bu görüşlərin əsas məqsədi xarici sərhədlərin qorunması ilə əlaqədar təcrübə mübadiləsi, aktual məsələlərin həllinə ümumi yanaşmaların işlənib hazırlanması, sərhəd əməkdaşlığının müxtəlif istiqamətləri üzrə Komandanlar Şurasına tövsiyələr hazırlanmasıdır.
Şura çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri transsərhəd cinayətkarlığın qarşısının alınması üzrə fəaliyyətin əlaqələndirilməsi, informasiya mübadiləsi və beynəlxalq-müqavilə əməkdaşlığıdır. Sərhəd idarələri üçün kadrlar hazırlanmasında və onların ixtisasının artırılmasında qarşılıqlı fəaliyyət, hərbi-texniki əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirilir. Bundan əlavə, mütəmadi humanitar aksiyalar və mədəniyyət, idman, veteranlarla iş sahələrində birgə tədbirlər keçirilir.
Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini, Şuranın Əlaqələndirmə Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov iclas iştirakçıları qarşısında Şuranın fəaliyyəti barədə informasiya ilə çıxış edəcəkdir.