İYUNUN 29-DA ALİ MƏKTƏBLƏRƏ III İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANI KEÇİRİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da 2008-2009-cu tədris ili üçün ölkəmizin ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu il III ixtisas qrupu üzrə nəzərdə tutulan 9 min 52 yerə 40 min 552 abituriyent ərizə təqdim etmişdir. Onların 23 min 433 nəfəri orta məktəblərin builki məzunudur.
Qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcəkdir. İmtahanın keçirilməsi üçün Bakıda 57, Sumqayıtda 7, Naxçıvan şəhərində 3 bina ayrılmışdır. Bakıda 33 min 973, Naxçıvanda 2 min 41, Sumqayıtda isə 4 min 538 abituriyent imtahan verəcəkdir.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaqdır. Bu proses başa çatan kimi düzgün cavablar TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.
İyulun 3-də III ixtisas qrupu üzrə test imtahanının nəticələri TQDK-nın internet saytında veriləcəkdir. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin, mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılır.
Tələbə qəbulu müsabiqəsində I və IV ixtisas qruplarında ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, II və III ixtisas qruplarında ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Azərbaycan bölməsində III qrupun DT altqrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.