İDMAN
“Judo Club 2012”nin karateçiləri Avropa çempionatında 6 medal qazanıblar
Bakı, 5 noyabr, AZƏRTAC
Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar.
Çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunub. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi ilə Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 7 (2 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanıblar.
Komanda yarışlarında da idmançılarımız uğurla çıxış ediblər. Azərbaycan komandası 16-17 yaşlı karateçilərin mübarizəsində bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.
Onu da qeyd edək ki, yığma komandanın tərkibində “Judo Club 2012” 8 idmançı ilə təmsil olunub. Çempionatda fərdi yarışlarda qazanılmış medallardan 6-sı (2 qızıl, 3 gümüş, 1 bürünc) onların payına düşüb. Belə ki, Musa Məmmədov (14-15 yaş, 63 kq), Fərid Ağayev (16-17 yaş, 76 kq) qızıl, Rəsul Abbasov (14-15 yaş, 57 kq), Abbas Dadaşov (16-17 yaş, 68 kq), Adil Quliyev (16-17 yaş, 76 kq) gümüş, Kənan Babayev (16-17 yaş, 68 kq) isə bürünc medala sahib olublar.
“Judo Club 2012”nin yetirmələri Fərid Ağayev, Abbas Dadaşov, Kənan Babayev, çempionatda 16-17 yaşlı karateçilərin komanda yarışlarının qalibi olan millimizin tərkibində əzmkarlıqla mübarizə aparıblar.
Macarıstanda Azərbaycanı təmsil edən heyətə “Judo Club 2012”nin karate bölməsi üzrə baş məşqçisi Namiq Pirverdiyev də daxil idi.