Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Bakı, 15 may, AZƏRTAC
Kamandan oxatma üzrə Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçiriləcək açıq havada Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Kamandan Oxatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mayın 18–24-də təşkil olunacaq yarışda ölkəmizi Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli təmsil edəcəklər.
Qitə çempionatının proqramına uyğun olaraq, idmançılar fərdi, komanda və qarışıq növlərdə hədəf qarşısına keçəcəklər. Milli komandanın Avropa çempionatına sistemli və yüksək səviyyədə hazırlığı üçün genişmiqyaslı təlim-məşq toplanışları təşkil olunub. Hazırlıq çərçivəsində Belarus milli komandasının üzvləri ilə Quba Olimpiya İdman Kompleksində birgə məşqlər keçirən oxatanlar mayın 3-dən etibarən toplanışı Antalyada, bilavasitə çempionatın keçiriləcəyi məkanda davam etdiriblər.