İQTİSADİYYAT
KARGÜZARLIQ İŞİNƏ AİD İLK MÜKƏMMƏL KİTAB
Kargüzarlıq nədir və necə meydana gəlmişdir? “Sənəd” nədir və hansı funksiyaları daşıyır? “Sənədlər sistemi” və “Vahid şəklə salınmış sənədlər sistemi” nə deməkdir? Kargüzarlıqda sənədlərin vahid şəklə salınmasının və standartlaşdırılmasının mahiyyəti nədən ibarətdir? İdarəetmə orqanlarında, müəssisə və təşkilatlarda sənədlərin hansı növlərindən istifadə olunur?
Kargüzarlıqla bağlı bütün bu və başqa sualların düzgün və əsaslandırılmış cavablarını “Azərbaycan” nəşriyyatının yenicə çapdan buraxdığı “Əməli kargüzarlıq” kitabında tapmaq mümkündür. 12 bölmədən və 2 Əlavədən ibarət olan kitabda konkret sənəd növlərinin nümunəvi maketləri də verilmişdir. Kitabda kargüzarlıq haqqında əsas anlayışlardan tutmuş sənədlərin tərtib edilməsinin ümumi normalarına və qaydalarına, ayrı-ayrı sənədlərin təsnifatına və strukturuna, rekvizitlərin tərtibatına dair tələblərə qədər bütün sahələr əhatə edilir.
Müdir və rəislərin katibələrinin işgüzarlıq və şəxsi keyfiyyətləri, katib əməyinin etikası barədə məlumat isə Azərbaycan şəraiti üçün tamamilə yeni sayılmalıdır.
Mətnin I Əlavəsində katibin, katib-referentin, katib-makinaçının işgüzarlıq və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi üçün testlər verilmişdir ki, bu da həmin vəzifələrə kadrlar seçilməsində çox kömək edə bilər. II Əlavədə kargüzarlıqda işlədilən əsas terminlərin izahı verilmişdir.
Kitabın “Xarici iqtisadi fəaliyyətə aid korrespondensiyanın tərtib edilməsinin xüsusiyyətləri” bölməsində ingilisdilli, fransızdilli və almandilli ölkələrdə bu işin xüsusiyyətlərindən bəhs edilir və həmin dillərdə sənədlərin tərtib edilməsinə aid konkret misallar göstərilir. Azərbaycanın xarici tərəfdaşlarla işgüzar əlaqələr saxlayan idarə və müəssisələri, sahibkarlar üçün bunun böyük əhəmiyyəti vardır.
Azərbaycan dilində kargüzarlıq məsələlərini hərtərəfli işıqlandıran belə bir kitabın nəşri çox əlamətdardır. Belə ki, son 250 il ərzində iqtisadi, elmi, mədəni, hətta mənəvi cəhətdən Rusiya ilə sıx bağlı olmuş Azərbaycanda, bir çox sahələr kimi, kargüzarlıq işi də həmin ölkədəkini təkrar etmişdir. Bu, qüsur sayılmamalıdır. Çünki XVII əsrin əvvəllərindən öz kargüzarlıq sistemi ilə işləyən Rusiya onu daim təkmilləşdirdiyinə görə, Azərbaycanda da bu iş kifayət qədər müasir səviyyədə olmuşdur. Çatışmayan cəhət isə o idi ki, həmin dövrdə Azərbaycanda kargüzarlıq işinin nəzəriyyəsini və praktikasını hərtərəfli əhatə edən kitablar buraxılması zəruri sayılmırdı. Bu baxımdan “Əməli kargüzarlıq” kitabının nəşri həmin çatışmazlığı aradan qaldırmışdır.
Nəzərə alınmalıdır ki, müstəqilliyinin cəmi on yaşı olan ölkəmizdə kargüzarlıqda bəzi keçmiş standartlar indi də işlənməkdədir və onlar “Əməli kargüzarlıq” kitabına salınmışdır. Bununla belə, kitabda müstəqil dövlətimizin az müddətdə yaratdığı yeni sənəd nümunələrinin rekvizitlərindən və tərtib prinsiplərindən də bəhs edilir, habelə dünyanın qabaqcıl ölkələrinin kargüzarlıq işində istifadə etdikləri müasir texnika və texnologiyalar haqqında məlumat verilir.
Lakin ən əhəmiyyətlisi odur ki, bu kitab Azərbaycan kargüzarlığının gələcək inkişafı üçün yaxşı nəzəri bazis, yəni təzə yaranacaq və ya dəyişdiriləcək normativlərin və standartların yazılı təsvirini vermək üçün hazır istinad materialı olacaqdır.
Əsasən mərkəzi və yerli idarəetmə orqanlarının kargüzarlıq bölmələrində istifadə üçün nəzərdə tutulan bu nəşr ölkədə kargüzarlıq sahəsindəki pərakəndəliyin aradan qaldırılmasına xidmət edir. Oxunaqlı dildə yazılmış kitab kargüzarlıq nəzəriyyəsi və praktikası ilə məşğul olanlar üçün faydalı vəsait, həqiqi mənada yaxşı dərslik və ən başlıcası, bu mövzuda Azərbaycan dilində çapdan çıxan ilk dolğun kitabdır.
Kitabın tərtibçisi və buraxılışına məsul Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Ümumi şöbəsinin müdiri Süleyman İsmayılovdur.