Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir
Bakı, 6 noyabr, AZƏRTAC
Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə çıxış edən institutun baş direktoru akademik Dilqəm Tağıyev vurğulayıb ki, 2020-ci il 8 noyabr tariximizə şanlı Qələbə günü kimi yazılıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı biz böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu. Xalqımız böyük Qələbəmizlə sonsuz qürur duyur.
Akademik bu il sentyabrın 19-da antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusunun təslim olduğunu, suverenliyimizin tam təmin edildiyini söyləyib.
Dilqəm Tağıyev qeyd edib ki, işğal dövründə erməni vandalları kənd və şəhərlərimizi, maddi və mədəni abidələrimizi dağıdıb, sərvətlərimizi vəhşicəsinə talan ediblər. İşğaldan azad olunmuş ərazilərimizdə bu gün geniş abadlıq-quruculuq tədbirləri həyata keçirilir, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız öz yurdlarına qayıdırlar. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etməklə sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub.
Akademik D.Tağıyev ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin daim könüllərdə yaşayacağını vurğulayıb.
Qeyd olunub ki, “Heydər Əliyev İli” çərçivəsində institutda müxtəlif tədbirlər təşkil olunub, Heydər Əliyev guşəsi yaradılıb. Bu ilin sentyabr ayında gənc alim və mütəxəssislər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş müsabiqənin qalibləri müəyyənləşdirilib, onlara sertifikat və pul mükafatı verilib.