Keçmiş köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə Ulu Öndərin yubileyi ilə əlaqədar yüzlərlə ağac əkilib
Bakı, 23 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirib. Bakı şəhərinin Qaradağ və Sabunçu rayonlarında, Sumqayıt şəhərindəki 13-cü mikrorayonda, Abşeron rayonunda və Şirvan şəhərində keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində keçirilən aksiyalarda Dövlət Komitəsinin rəhbər işçiləri və sakinlər iştirak ediblər.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təbii sərvətlərin mühafizəsinə, onlardan səmərəli istifadə olunmasına, ekoloji mühitin sağlamlaşdırılmasına xüsusi diqqət yetirdiyi minnətdarlıq hissi ilə xatırlanıb. Bildirilib ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ağacların əkilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, soydaşlarımızın təmiz ekoloji şəraitdə yaşamaları prioritet kimi müəyyənləşdirilib. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması istiqamətində mühüm tədbirlər görülür.
Aksiya iştirakçıları işğaldan azad olunmuş ərazilərdə ekologiyaya ağır zərbə vurulduğunu, təbii sərvətlərimizin vandallar tərəfindən məhv edildiyini bildiriblər. Keçmiş məcburi köçkünlər dövlətin diqqəti və dəstəyi ilə doğma yurdlarının əvvəlki gözəlliyini bərpa edəcəklərini, ekoloji tarazlığın inkişafına töhfə verəcəklərini deyiblər.
İndiyədək keçirilmiş aksiyalar zamanı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin ərazisində yüzlərlə şam və zeytun ağacları əkilib, onlara aqrotexniki qulluq göstərilib.