Keniyalı nümayəndə: Azərbaycan UN-Habitat çərçivəsində Afrika üçün mühüm tərəfdaşdır
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan beynəlxalq tədbirlərin təşkili baxımından möhtəşəm ölkədir. COP29 zamanı da burada olmuşdum və bu, heyrətamiz təcrübə idi. Bu dəfə yenidən komandamızla birlikdə Bakıya qayıtmışıq və gördüklərim məni bir daha çox təsirləndirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Keniyanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi missiyasının səfir müavini, daimi nümayəndənin müavini Biatris Karaqo bildirib.
O qeyd edib ki, Bakı kimi platformalar dünyanın müxtəlif regionları arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Azərbaycan ilə Afrika ölkələri arasında UN-Habitat çərçivəsində əməkdaşlığa toxunan diplomat ölkəmizin bu istiqamətdə fəal rol oynadığını vurğulayıb: “Azərbaycan Afrika və ümumilikdə BMT-Habitat çərçivəsində dünya üçün çox güclü tərəfdaşdır. Xüsusilə adekvat mənzil məsələləri üzrə Açıq İşçi Qrupunda Azərbaycanın iştirakı mühüm əhəmiyyət daşıyır”.
Biatris Karaqonun sözlərinə görə, Keniya və Fransa bu işçi qrupunun ilk sessiyasına həmsədrlik edib, daha sonra Azərbaycan Somali ilə birlikdə bu missiyanı davam etdirib: “Hazırda Azərbaycan və Somali adekvat mənzil məsələləri üzrə Açıq İşçi Qrupunun həmsədrləridir. Bu istiqamət BMT UN-Habitatın əsas mandatlarından biri hesab olunur”.
Diplomat əlavə edib ki, Afrika ölkələri Azərbaycanla əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid edir: “Biz xüsusilə UN-Habitatın strateji planı çərçivəsində verilən vədlərin həyata keçirilməsi istiqamətində Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.