RƏSMİ XRONİKA
KİŞ KƏND ORTA MƏKTƏBİ ULU ÖNDƏRDƏN YADİGARDIR
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Şəki rayonunda Heydər Əliyev adına 1 nömrəli Kiş kənd orta məktəbi ilə tanış olmuşdur.
Məktəbin pedaqoji kollektivi və şagirdlər Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmətlə, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev xanımı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin məktəbin qarşısındakı büstünün önünə gül qoydular.
Azərbaycan Prezidenti “Heydər Əliyev Şəkidə” adlı fotoguşəyə baxdı, məktəbin dəhlizlərində, hər bir sinif otağında asılmış və ulu öndərin uşaqlıq, gənclik illərinə, siyasi fəaliyyətinə, təhsilə qayğısına aid fotoşəkillərə baxdı. Prezident Heydər Əliyevin iştirakı ilə 2002-ci ilin noyabrında Şəkidə keçirilən müşavirədə ulu öndərin bu məktəbin tikilməsi barədə çıxışı və verilən qərar səsləndirildi.
Məktəbin direktoru Müzəkkil Qarayev dövlətimizin başçısına məlumat verdi ki, Kiş kənd orta məktəbinin məzunları arasında görkəmli insanlar var və onlar Azərbaycan elmi üçün böyük xidmətlər göstərmişlər. Məktəbin keçən il istifadəyə verilmiş yeni binasında 87 sinif otağı, idman salonu, kitabxana, kompyuter, tibb otaqları var. 600-dən çox şagirdin təhsil aldığı məktəbdə 80 müəllim və 20-dək texniki işçi çalışır.
Prezident İlham Əliyev məktəbin sinif və kompyuter otaqlarını gəzdi, şagirdlərlə söhbət etdi, onların təhsilləri ilə maraqlandı, yaxşı oxumalarını arzulayaraq, bunun üçün hər cür şəraitin yaradılacağını bildirdi.
Müəllimlər Prezidentə təşəkkür edərək, ucqar kəndlərdə belə təhsil ocaqlarının tikilməsini gələcək nəsillərə göstərilən qayğı kimi qiymətləndirdilər və dedilər ki, bu məktəbdə ulu öndərin xatirəsi yaşayır və daim yaşayacaqdır. Kəndimizin elektrik enerjisi, su, rabitə ilə təmin edilməsində tibb, təhsil, mədəniyyət ocaqlarının yaradılmasında bilavasitə qayğısı olmuşdur.
Prezident İlham Əliyev Kiş kəndinə qazın müntəzəm verilməsi ilə bağlı məsələnin də həll olunacağını bildirdi.