Klaus Yohannis: Bizim prioritetimiz Rumıniya, Gürcüstan və Azərbaycan arasında elektrik kabelinin çəkilməsidir
Buxarest, 11 oktyabr, AZƏRTAC
Bizim prioritetimiz Rumıniya, Gürcüstan və Azərbaycan arasında elektrik kabelinin çəkilməsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşdə deyib.
Prezident Klaus Yohannis bildirib ki, Rumıniya Gürcüstan və digər tərəfdaş dövlətlərlə “Yaşıl Elektrik Dəhlizi” çərçivəsində Rumıniya, Gürcüstan və Azərbaycan arasında elektrik kabelinin çəkilməsi və bir sıra iri strateji layihələrin həyata keçirilməsi üçün çalışır. Layihənin məqsədi Xəzər dənizi regionunu Qara dəniz və Avropa İttifaqı ərazisi ilə birləşdirməkdir.
“Müzakirələr zamanı xanım Prezidentlə razılaşdım ki, Qara dənizdəki fiziki əlaqələr bu regionun sabitliyini və rifahını möhkəmləndirməkdə, onun Avropa məkanına davamlı əlaqələndirilməsində mühüm rol oynayır. Bu istiqamətdə Rumıniya artıq fəaliyyət göstərir. Xəzər dənizi regionunu Qara dəniz və Avropa İttifaqı ilə birləşdirəcək “Yaşıl Elektrik Dəhlizi” çərçivəsində Rumıniya, Gürcüstan və Azərbaycan arasında elektrik kabelinin çəkilməsi bizim prioritetimizdir. Rumıniyanın təşəbbüsü ilə Qara dəniz-Xəzər dənizi yük dəhlizinin istismara verilməsi üçün region ölkələri ilə iş aparılıb. Biz Qara dənizdə Rumıniyanı Gürcüstanla birləşdirən müntəzəm bərə xəttinin yaradılmasını müzakirə edirik. Bu, Avropa İttifaqı ilə Gürcüstan arasında ticarətin təşviqi və əlaqələrin yaxşılaşdırılması üçün vacib layihədir”, - deyə K.Yohannis vurğulayıb.
Buxarest