İQTİSADİYYAT
KOBİA dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıdır
![KOBİA dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıdır](/files/2022/3/1200x630/1668501437252146289_1200x630.jpg)
Bakı, 15 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 15-də “Baku International CEO Summit”ində deyib.
O qeyd edib ki, Azərbaycanın dayanıqlı sosial-iqtisadi potensialını müəyyənləşdirən vacib amillərdən biri də ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafının təmin edilməsidir. Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat, sosial infrastruktur, kommunal sektorlarında daha uğurla tətbiq olunur. Həmçinin dövlət-özəl əməkdaşlığı sahəsində layihələrin uğurla həyata keçirilməsi nəticəsində sosialyönümlü bir sıra çətinliklər aradan qaldırıla bilər. Bununla da xüsusi kapitalın, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır, dövlət büdcəsinin yükü azaldılır, dövlət xidmətlərinin keyfiyyəti yüksəlir.
“KOB-larla ətraf mühit, Sosial və İdarəetmə (ESG) prinsiplərinin tətbiqinin təşviqi istiqamətində müvafiq proqramın həyata keçirilməsini nəzərdə tuturuq. Sosial və İdarəetmə tələblərinə riayət etmək özəl investisiyaların, xüsusən də xarici institusional investorların cəlb edilməsi və inkişaf etmiş ölkələrdə bazar payının genişləndirilməsi baxımından çox vacibdir. Korporativ idarəetmə prinsipləri biznesin rəqabətqabiliyyətliyini və kommersiya dəyərini artıran bir vasitədir. Bu baxımdan bütövlükdə biznes subyektlərinin bu siyasətə cəlb edilməsi, o cümlədən biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi əhəmiyyətli ola bilər və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb. Bu təşəbbüslər yaxşı başlanğıc sayılsa da, ölkəmizdə korporativ idarəetmə sahəsi üzrə fəaliyyətlərin təkmilləşdirilməsi üçün kifayət deyil və bu sahədə yeni addımlar atılmalıdır. İlk növbədə, ölkəmizdə korporativ idarəetmənin inkişafını, onun əhatə dairəsinin genişləndirilməsini təmin etmək üçün bilik və bacarıqları olan mütəxəssislərin yetişdirilməsinə ehtiyac var. Həmçinin biznes subyektləri arasında məlumatlılığın kifayət qədər olmaması korporativ idarəetmə məsələlərinin inkişafına təsir edir və dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyətin qurulması bir çox hallarda çətinləşir. Məhz buna görə də, korporativ idarəetmə və dayanıqlı inkişaf mövzularında bütün maraqlı tərəflərin məlumatlılığını artırmaq məqsədilə çoxşaxəli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir”, - deyə O.Məmmədov diqqətə çatdırıb.
KOBİA sədri vurğulayıb ki, agentlik tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış KOB inkişaf mərkəzlərində müasir çağırışlara uyğun sahibkarlar üçün təşkil edilən təlimlər və praktik məsləhət xidmətləri korporativ idarəetmənin təşviqi və inkişafı üçün əhəmiyyətlidir. İnanıram ki, yaxın müddət ərzində biznes subyektləri fəaliyyətlərində korporativ idarəetmənin yeni, uğurlu tətbiqi və inkişafı üçün stimul qazanacaq. Düşünürəm ki, sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyasında maraqlı olmalıdır.
2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir.