Komitə: Hərracda 8 dövlət əmlakı üzrə 12 sifariş verilib
Bakı, 2 aprel, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 2-də keçirilən hərracda 8 dövlət əmlakı üzrə 12 sifariş verilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, hərracda öz sahibini tapan dövlət əmlaklarından biri Gəncə şəhərinin Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ümumi faydalı sahəsi 323,2 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Müxtəlif xidmət növləri üzrə istifadəyə uyğun olan əmlak iştirakçı tərəfindən 40 min manata özəlləşdirilib. Hərracda xırda topdansatış müəssisəsinin tikintisi yarımçıq qalmış anbar binası da özəlləşdirilən əmlaklar sırasındadır. Qax rayonunun Qorağan kəndindəki bu dövlət əmlakının torpaq sahəsi 1000 kvadratmetrdir. Hərrac iştirakçısı adıçəkilən əmlakı 2 min 500 manata özəlləşdirib.
Özəlləşdirilən nəqliyyat vasitələrindən ikisi üzrə ümumilikdə 6 sifariş verilib. Bu nəqliyyat vasitələrindən biri “BMW” markalı, buraxılış ili 2005-ci il olan avtomobil üçün ilkin hərrac qiyməti 6 min 500 manat təyin olunub.
Hərrac iştirakçıları arasında yaranan rəqabət nəticəsində avtomobilin son qiyməti 8 min 500 manata yüksəlib. Özəlləşdirilən digər “BMW”, “UAZ” və “QAZ” markalı avtomobillərin istehsal tarixləri isə 1995-2007-ci illərdir.
Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac aprelin 9-da təşkil olunacaq. Belə ki, bu dəfə hərraca ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 15-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 6-sı qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 35-i isə nəqliyyat vasitəsidir.
Hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu elektron mənbələrdə hərraca çıxarılan bütün dövlət əmlakları haqqında ətraflı məlumat və müraciət linki mövcuddur.
Komitə keçirdiyi hərraclarda iştirakla vətəndaşlar rahat formada əmlak sahibinə çevrilə bilir. Bu istiqamətdə sadələşdirilmiş xidmətlər hərraclarda aktivliyi yüksəldir, prosesə marağı artırır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları üzrə geniş seçimin olması isə hər kəsin arzuladığı əmlaka sahib olmasına şərait yaradır.