Komitə sədri: Gələn il işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Gələn il işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7 faizi özünüməşğulluq tədbirlərinin, 23,1 faizi məşğulluq xidməti orqanının saxlanmasının, 18,9 faizi sosial sahədə xidmətlərin əməkhaqqının müştərək ödənilməsinin, 14,7 faizi peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bununla yanaşı, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas istiqamətlərdən biri kimi vahid əmək münasibətləri platforması və ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya sistemi və səyyar monitorinq və yoxlama sistemləri, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı və BACAR innovativ platforması üzrə işlər tamamlanacaqdır.
“Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququna malik şəxslərin dairəsinin genişlənməsi, o cümlədən torpaq payı olan vətəndaşlar belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və digər yeniliklərin tətbiqi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30 faizə qədər artmasını nəzərdə tutur. Cari il ilə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 4 milyon manat, yaxud 26,6 faiz, peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin 13 milyon manat və ya 37 faiz, sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin ödənilməsi xərclərinin 2 milyon manat və ya 50 faiz artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6 faiz azaldılması nəzərdə tutulur”, - deyə komitə sədri vurğulayıb.