Kompleks tədbirlər Culfa rayonunda kənd təsərrüfatının sürətli inkişafına yol açıb
Culfa, 7 fevral, AZƏRTAC
Muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər Culfa rayonunda da bu sahənin sürətli inkişafına yol açıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində keçirilən seminar-müşavirədə bu barədə danışılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov bildirib ki, bu ilin bol məhsulu üçün ilkin mərhələni təşkil edən torpağın lazımi dərinlikdə şumlanması, hamarlanması və digər aqrotexniki tədbirlər həmişə olduğu kimi, bu mövsümdə də gecikdirilmədən və aqrotexniki tələblərə uyğun ardıcıllıqla həyata keçirilib. Bu günədək rayonda 7467 hektar sahədə əkin aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxışında qeyd edib ki, dövlətin taxılçılığın inkişafı ilə bağlı gördüyü ardıcıl tədbirlərlə yanaşı, kənd təsərrüfatına azyararlı torpaqların əkin dövriyyəsinə qatılması və torpaqlardan səmərəli istifadə edilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi, məhsuldar toxum sortlarından istifadə edilməsi, intensiv becərmə üsullarına üstünlük verilməsinin nəticəsində muxtar respublikada dənli taxıl bitkilərinin istehsalı ilbəil artmaqdadır.
Vurğulanıb ki, əkin zamanı üzvi və mineral gübrələrin tətbiqi torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırmaqda mühüm rol oynayır. Gübrələrin tətbiqində əsas məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etməkdir.
Nazirliyin əməkdaşı Saməddin Əsgərov havaların mülayim keçməsi ilə əlaqədar taxıl sahələrində gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirlərinin zəruriliyi və aparılması qaydaları haqqında məlumat verib.
Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.