Kompüter oyunları üzrə gənclər arasında XII Azərbaycan milli çempionatının final mərhələsinə start verilib
Bakı, 26 may, Həsrət Mahmudova, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi və “Kompüter Oyunları Milli Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 26-da kompüter oyunları üzrə gənclər arasında XII Azərbaycan milli çempionatının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov artıq 12-ci ildir keçirilən çempionata marağın get-gedə artdığını bildirib. Qeyd edib ki, 12 il əvvəl ilk çempionatda cəmi 150 nəfər iştirak edirdisə, bu gün 2 mindən çox gənc qalib adı uğrunda yarışlara qatılıb. O, çempionatda iştirak edən gənclərin müxtəlif sahələr üzrə çalışdıqlarını diqqətə çatdırıb. Yarışda qalib gələn şəxsin Azərbaycanı dünya çempionatında təmsil edəcəyini vurğulayan K.Kərimov gənclərə uğurlar arzulayıb.
Tədbirdə məlumat verilib ki, apreldə və may ayının birinci yarısında milli çempionatın zona mərhələləri keçirilib. Yekun nəticədə uğur qazanmış komandalar və fərdi iştirakçılar final mərhələsinə vəsiqə qazanıblar. Ölkəmizin 23 şəhər və rayonundan komandaların və fərdi oyunçuların iştirak etdikləri final mərhələsinin nəticələri mayın 27-də açıqlanacaq.
Sonra yarışlara start verilib.