KOMPYUTER İSTİFADƏÇİLƏRİNƏ TƏHLÜKƏLİ VİRUSDAN QORUNMAQ TÖVSİYƏ EDİLİR
Yeni “Nyxem-E” virusu məlumatların sürətli mübadiləsi sistemləri ilə yayılır. Heç nədən şübhələnməyən istifadəçi tanışından elektron poçt vasitəsilə gələn məktubu açırsa. Ekranda müxtəlif təsvirlər olan virtual açıqca görünür. Məktubla birlikdə kompyuterə ziyanverici proqram düşür. O, kompyuteri virusa yoluxdurur, “Microsoft Office” dəstinə daxil olan “Word”, “Power Point”, “Excel” proqramlarını və onların fayllarını zədələyərək, bu barədə virusun müəllifinə (xüsusi veb-sayta) məlumat verir. Digər viruslardan fərqli olaraq “Nyxem-E” kompyuteri zədələməklə kifayətlənməyərək, şəbəkə vasitəsilə “doc”, “pdf”, “ppt”, “rar”, “zip” və “xlc” kimi geniş yayılmış faylları yoluxdurur.
Məlumata görə, artıq dünyada 300 minə yaxın kompyuter bu virusla zədələnmişdir.
Bu virus əsasən fərdi istifadəçilər üçün xüsusilə təhlükəli ola bilər. Çünki müəssisə və şirkətlərdə antivirus proqramları mütəmadi olaraq yeniləşdirilir və arzuolunmaz hücumların qarşısının alınmasına hazırlıq görülür.
Fevralın 3-dən etibarən internetdə yayılmış “Nyxem-E” virusunun qarşısını almaq üçün “Wİndovvs” əməliyyat sistemində servis pack-2 və yeniləşmiş antivirus proqramları olmalı və sistem antivirus proqramı vasitəsilə mütəmadi yoxlanmalıdır. Bu halda kompyuterə virusun düşmə ehtimalı sıfıra bərabər olur.
Respublikamızda bu virusdan qorunmaq üçün tanış olmayan məktub və ya məlumatların açılmaması və dərhal ləğv edilməsi barədə istifadəçiləri xəbərdar etmək üçün provayderlər, rabitə operatorları əvvəlcədən məlumatlandırılmışlar.
Problemin ciddiliyini nəzərə alaraq, fərdi kompyuterin və bu kompyuter şəbəkədədirsə, həmin şəbəkədə olan digər kompyuterlərin, o cümlədən müxtəlif proqramların zədələnməməsi üçün istifadəçilərə elektron poçt və ya şəbəkə vasitəsilə daxil olan, təhlükəsizliyinə əmin olmadıqları məktub və məlumatları açmamaq tövsiyə edilir.