SİYASƏT
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
Bakı, 8 noyabr (AZƏRTAC). Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 12 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işi materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, E.Əfəndiyevin cavabdehlər - Sumqayıt şəhər Bələdiyyəsinə, S.Mahmudovaya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərarın və hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma və s. iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 12 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.4-cü, 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.