CƏMİYYƏT
Könüllü tələbə və gənclər “Vikipediya” Metodik Mərkəzinin təlimlərində fəal iştirak edirlər
Bakı, 25 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli Sərəncamı ölkəmizdə bütün sahələrdə gənclərin könüllülük fəaliyyətinə böyük stimuldur. Azərbaycanda xüsusi yeri olan könüllülük hərəkatına yüzlərlə gənc qoşularaq idman, elm, təhsil, mədəniyyət, sosial və digər sahələrdə həyata keçirilən müxtəlif layihələrdə, beynəlxalq tədbirlərdə, mötəbər idman yarışlarında fəal iştirak edirlər. Könüllülük hərəkatı gənclərin özlərində yeni bacarıqları kəşf etməsində, onların müxtəlif istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi könüllülük fəaliyyətinə, könüllülərin əməyinə, zəhmətinə verilən böyük qiymət və dəstəkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) direktor müavini Elnur Eltürk söyləyib.
O bildirib ki, 2015-ci ildə MEK-in strukturunda Sərbəst/Açıq ensiklopedik resurslar şöbəsi və şöbənin nəzdində “Vikipediya” Metodik Mərkəzi yaradılıb, “Azərbaycan “Vikipediya”sının işlək modeli” tərtib və tətbiq edilib. Modelə əsasən, informasiyanın planlaşdırılması və əlaqələndirilməsi, eləcə də sahələr üzrə ekspertlərin, tərcüməçilərin, vikiçilər qrupunun, təlim mərkəzi mütəxəssislərinin fəaliyyəti əlaqələndirilir. Bunun nəticəsində də “Vikipediya”ya daxil edilən məqalələrin sayı, sürəti və keyfiyyəti artır. MEK ölkə üzrə vikitəlim mərkəzinə çevrildi, “Vikipediya”da məqalələrin yaradılması və redaktəsinin ölkə maraqlarına xidmət etməsini də nəzərə alaraq, təlimlər keçirilməyə başladı. Ödənişsiz keçirilən təlimlərə ölkənin müxtəlif qurumlarından, ali təhsil müəssisələrindən tələbələr və gənclər qoşularaq könüllü fəaliyyət göstərməyə başladılar. “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda keçirilən təlimlərdə könüllülər məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılır. Həmçinin onlara “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, zənginləşdirilməsi, mətnin vikiləşdirilməsi, redaktəsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilir. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilir.
“2019-cu ildən etibarən “Vikipediya” təlim şəbəkəsi genişləndirilib, MEK-in “Vikipediya” Metodik Mərkəzində və müəssisələrdə 32 təlim keçirilib. Hazırda təlimlərə maraq çox böyükdür. Belə ki, Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Milli Aviasiya Akademiyasında, Azərbaycan İlahiyyat İnstitutunda, YAP Gəncə şəhər təşkilatında, Gürcüstanda İnkişaf və Təhsil Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində vikimərkəzlər yaradılıb. Könüllü tələbə və gənclər “Vikipediya” ilə bağlı keçirilən təlimlərdə çox böyük həvəslə iştirak edir, həmçinin “Vikipediya”da məqalələrin yaradılmasında yüksək fəallıq nümayiş etdirirlər. Bütün bu işlərin nəticəsində “Vikipediya” Metodik Mərkəzinin könüllülük fəaliyyətinin əhatə dairəsi genişlənir. Könüllülər tərəfindən “Vikipediya”da doğma dilimizlə bərabər, müxtəlif xarici dillərdə Azərbaycanın tarixi, elmi, mədəniyyəti, qədim memarlıq abidələri, görkəmli şəxsiyyətləri, siyasi xadimləri, bölgələri və s. haqqında yüzlərlə məqalə yaradılıb, zənginləşdirilib və redaktə edilib. Bu fəaliyyətlər Azərbaycan haqqında məlumatların daha dolğun və akademik tərzdə internet istifadəçilərinin ixtiyarına verilməsinə gətirib çıxarır. Həm də ölkəmizdə könüllülük hərəkatına öz layiqli töhfəsini verir”,- deyə Elnur Eltürk qeyd edib.