Koreya Respublikasının Azərbaycanda hərbi attaşeliyinin açılması münasibətilə rəsmi qəbul keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Koreya Respublikasının Azərbaycandakı səfirliyində hərbi attaşenin ofisinin açılması münasibətilə sentyabrın 7-də rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Çoi Suk-İn Koreya-Azərbaycan əlaqələrinin inkişafından danışıb. Diplomat ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, siyasət, mədəniyyət, elm və təhsil sahələrində fəal əməkdaşlığın daha da sürətləndiyini vurğulayıb.
Səfir son illərdə əməkdaşlığımıza milli müdafiə sahəsinin də daxil olunmasının məmnunluq doğurduğunu bildirib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2013-cü ildə Koreya Respublikasına səfərindən sonra ölkələrimiz arasında milli müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini vurğulayan diplomat hərbi attaşeliyin açılması ilə bu əlaqələrin növbəti mərhələyə qədəm qoyacağını deyib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov hərbi attaşeliyin açılmasının əhəmiyyətini qeyd edib. O, Silahlı Qüvvələrin rəhbərləri arasında keçirilən müntəzəm görüşlərin ikitərəfli hərbi əməkdaşlığa mühüm töhfə verdiyini deyib və bu müsbət dinamikanın gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
Koreya Respublikası Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyatı Agentliyi rəisinin müavini Yun Honq Qun Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını diqqətə çatdırıb. O, ölkələrimiz arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.