Korrupsiya ilə mübarizə dövlətin prioritet siyasətidir - GDU-da dəyirmi masa
Gəncə, 17 aprel, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Korrupsiya ilə mübarizə dövlətin prioritet siyasətidir” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli şəkildə davam etdirildiyini bildirib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində bu sahədə hüquqi baza möhkəmləndirilib, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub.
Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Yasin Məmmədli “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” mövzusunda məruzəsində qeyd edib ki, korrupsiya cəmiyyətin müxtəlif sahələrində inkişafa mane olan əsas amillərdən biridir. O vurğulayıb ki, bu cür neqativ hallar yalnız iqtisadi və sosial sahələr üçün deyil, həm də dövlətin imici və beynəlxalq nüfuzu üçün ciddi təhlükə yaradır.
Tədbirdə GDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək bildirib ki, korrupsiya hüquqi və demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərlərə də mənfi təsir göstərir, cəmiyyətin mütərəqqi inkişafını ləngidir.
Universitetin baş hüquqşünası Günay Şirinova isə “Korrupsiyaya qarşı mübarizə siyasəti” mövzusunda çıxışında ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncam və qanunların əhəmiyyətindən bəhs edib.
Eyni zamanda, universitetin Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Müasir mərhələdə korrupsiyaya qarşı mübarizə dövlətin mühüm siyasətidir”, kafedranın müəllimi Ramin Əliyevin isə “Korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları” mövzusunda geniş məruzələri dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Müxbir - Elcan Məmmədov