KULİNARİYA MƏRKƏZİNİN YARADILMASININ 15 İLİ TAMAM OLUR
Tədbiri professor, AMKM-in baş direktoru, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov açaraq bildirmişdir ki, Nazirlər Kabinetinin 1991-ci il 23 aprel tarixli qərarı ilə yaradılmış bu qurum ötən 15 ildə sürətlə inkişaf etmişdir və indi o, kulinariya sahəsində təkcə ölkəmizin deyil, həm də dünyanın aparıcı təşkilatlarından hesab olunur.
Yubiley ilində bir sıra tədbirlərin reallaşdırılacağını diqqətə çatdıran direktor bildirmişdir ki, həmin çərçivədə keçirilən bu ilk tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin dəstəyi ilə ölkəmizdə ilk və yeganə elmi-praktik peşəkar sahə jurnalının hazırladığı “Restoran biznesi” kataloqunun təqdimatıdır. Kataloqun hazırlanmasından məqsəd ölkəmizdə restoran biznesini sistemləşdirmək, layiqli müəssisələr barəsində xarici və yerli müştərilərə məlumat verməkdir.
İldə bir dəfə buraxılması nəzərdə tutulan və maraqlananlara pulsuz paylanacaq kataloqun təqdimat mərasiminə “Ümid yeri” uşaq evindəki kimsəsiz uşaqlar da dəvət edilmişdir.
Tədbirdə “Kulina”nın kimsəsiz uşaqlara hədiyyəsi və jurnalı dəstəkləyən, onunla əməkdaşlıq edən firmalara və şəxslərə mükafatları təqdim olunmuşdur. Ölkəmizdə 2006-cı ilin ən müasir hotel-restoranı adına layiq görülmüş “Excelsior” restoranı, ən yaxşı restoran adı qazanmış “İzmir” restoranı və modelyer Fəxriyyə Xələfova onların arasındadır. Tədbir konsert proqrqmı ilə başa çatmışdır.