Külli miqdarda saxta əsginas götürülüb
Bakı, 24 dekabr, AZƏRTAC
Polis əməkdaşları Ağcabədi rayonunda xeyli miqdarda saxta əsginas aşkar edərək qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dörd mağazanın sahibi Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edərək dekabrın 23-də mağazalarında alış-veriş edən iki nəfərin onlara müvafiq olaraq üç ədəd 20 manatlıq və bir ədəd 100 manatlıq əsginaslar verdiklərini, sonradan həmin pulların saxta olduğunu aşkar etdiklərini bildirib. Həmin əsginaslar polis əməkdaşlarına təqdim olunub.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən rayon sakinləri Mehdi Mehdizadə və Təhminə Nəzərova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan əlavə olaraq iki ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq və iki ədəd 20 manatlıq saxta əsginaslar aşkarlanıb. Həmin şəxslərin saxta əsginasları T.Nəzərovanın atası Firəddindən aldıqları müəyyənləşib.
Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş Firəddin Nəzərov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 21 ədəd 100 manatlıq, 29 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 62 ədəd 5 manatlıq və 37 ədəd 1 manatlıq saxta əsginaslar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.