Kürdəmirdə güzəştli şərtlərlə 38,85 ton ammonium nitrat gübrəsi satılıb
Bakı, 15 mart, AZƏRTAC
Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar və Saatlı rayonlarının ardınca növbəti səyyar satış martın 14-də Kürdəmirin Karrar qəsəbəsində baş tutub. Ətraf yaşayış məntəqələrinin sakinləri də səyyar satışdan yararlanıblar.
Kürdəmir rayonunda keçirilən səyyar satış zamanı Karrar və ətraf 11 kənd üzrə 32 vətəndaş 70 faiz güzəştdən yararlanaraq gübrə əldə ediblər. Kürdəmirdə keçirilən səyyar satışda 38,85 ton ammonium nitrat gübrəsi satılıb.
Martın 15-də isə Xaçmaz rayonunun Ləçət kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.