Kürdəmirdə mədəniyyət işçilərinin toplantısı olub
Bakı, 15 fevral, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəyə tabe olan mədəniyyət müəssisələrində çalışan rəhbər və gənc əməkdaşların iştirakı ilə toplantı keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov cari ildə qarşıda duran məsələlər və görüləcək işlərlə bağlı məlumat verib.
Tədbirin keçirilməsində məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyətində innovasiya və yaradıcılığın artırılması, ölkəmizin milli mədəni irsinin yeniyetmə və gənclər arasında geniş təbliği və gənclərin ideya zənginliyinin artırılması istiqamətində görülən işlərin daha da fəallaşdırılmasıdır.
Sonra Kürdəmir rayon kreativ qrupunun koordinatoru Xəyyam Məlikov “Dövlətimizin inkişafında, “Azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət müəssisələrinin rolu” mövzusunda çıxış edərək gənc mədəniyyət işçilərinin bu sahənin inkişafında əhəmiyyətli rolu olduğunu qeyd edib, rayon mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində dəyişikliklərə nail olmaq üçün burada çalışan əməkdaşların yeni kreativ ideyalarının tətbiqinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.