Kürdəmirdə pambıqçılıq sahələrində zərərvericilərlə mübarizənin səmərəliliyinin artırılmasına dair regional müşavirə keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Bərdə şəhərində keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrin icrası ilə bağlı martın 31-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Kürdəmir şəhərində “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müşavirənin keçirilməsində əsas məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, pambıqçılığın başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, fitosanitar sabitliyin qorunub saxlanılmasından, eyni zamanda, pestisidlərdən kortəbii istifadə zamanı bitki aləminə və ətraf mühitə vurulan zərərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Tədbir iştirakçıları əvvəlcə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
“Bölgədə fitosanitar vəziyyətin təhlili və pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərin, pambıq sahələrində əsas zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib.
Xidmət rəisi bildirib ki, son illər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində pestisidlərdən normadan artıq və növbələşmədən istifadə, eyni tərkibli pestisidin davamlı tətbiqi, hektara düşən normasının düzgün nizamlanmaması və digər səbəblərdən zərərli orqanizmlərdə pestisidlərə qarşı yüksək davamlılıq yaranması halları müşahidə edilir.
C.Quliyev qeyd edib ki, bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini təmin etmək və antirezisdent mübarizə sxemini tətbiq etmək məqsədilə fermerlər yeni nəsil preparatlardan istifadə etməyə üstünlük verməlidirlər.
Dövlət xidmətinin rəis müavini Yaqub Cəfərov “Pambıq əkinlərində alaq otlarına qarşı səmərəli mübarizənin təşkili” mövzusunda çıxış edərək pambığın boy və inkişafını ləngidən alaq otlarının məhv edilməsinin müasir səmərəli üsullarından bəhs edib. Mübarizə üsulları barədə məlumat verən Yaqub Cəfərov diqqətə çatdırıb ki, alaqlarla mübarizənin səmərəli aparılması üçün onların bioloji xüsusiyyətləri, həyat tərzi və yayılma yolları öyrənilməli və ona uyğun mübarizə tədbiri seçilməlidir.
“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusuna toxunan dövlət xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanov əsas diqqəti kimyəvi mübarizə zamanı texniki qaydalara əməl olunmasının vacibliyinə yönəldib. O bildirib ki, kimyəvi mübarizə tədbirləri zamanı çiləyici aqreqatların nizamlanması, işlək məhlul hazırlanan zaman istifadə olunan suyun tərkibinin (PH mühitinin tənzimlənməsi), istifadə olunan pestisidlərdən yüksək bioloji səmərəlilik almaq məqsədilə qarşıda duran problemlərin həlli vacib məsələdir və bu istiqamətdə ciddi tədbirlər görülməlidir.
Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı mübarizə üsullarını açıqlayan bukletlər paylanılıb.
Qeyd olunub ki, eyniadlı tədbirin bu il aprelin 3-də İmişli rayonunda, aprelin 4-də isə Ağcabədi rayonunda keçirilməsi nəzərdə tutulub.
Müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər, ümumilikdə 225 nəfər iştirak edib.