Kürdəmirdə Zəfər Günü ilə əlaqədar kütləvi tədbirlər təşkil olunub
Kürdəmir, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü Kürdəmirdə ümumrayon səviyyəsində böyük coşqu və izdihamla qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq yaşından asılı olmayaraq insanlar küçələrə axışıb. Bir il bundan əvvəl onlar xalqımızın tarixi Qələbəsini qeyd edirdi, bu gün isə şanlı Zəfərin bir ili tamam olur. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, bizlərə qələbə sevincini yaşadan qəhrəmanların əziz xatirələrini ehtiramla yad ediblər.
Bayram tədbiri Qələbə parkında davam edib. Öncə Dövlət Himnimiz səsləndirilib.
Çıxışlarda Vətən müharibəsindəki tarixi Qələbədən, Azərbaycan Ordusunun qüdrətindən danışılıb.
Gənclərdən ibarət olan hərbi şahin dəstələri sıra yürüşü keçiriblər. Məktəblilərin təqdimatında bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar, fləş-moblar nümayiş etdirilib.
Həmçinin rayonda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası da keçirilib. Aksiyada yüzlərlə sakin iştirak edib.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Şamaxı, Qobustan, İsmayıllı, Göyçay, Ağdaş rayonlarında da kütləvi bayram tədbirləri təşkil olunub.