KXDR həbsxanalarından azad edilən amerikalılar vətənə qayıdıb
Bakı, 10 may, AZƏRTAC
Göyərtəsində KXDR həbsxanalarından azad edilən üç amerikalının olduğu təyyarə Vaşinqton ətrafında yerləşən “Andrews” aviabazasında yerə enib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, azad olunmuş ABŞ vətəndaşlarını Prezident Donald Tramp və həyat yoldaşı Melanya Tramp qarşılayıb. Dövlət başçısı Amerika vətəndaşlarının azad edilməsini KXDR lideri Kim Çen Inın ABŞ-la konstruktiv dialoqa ciddi yanaşdığının sübutu olduğunu və onun ölkəsini “real dünyaya” qaytarmağa çalışdığını bildirib. Ağ evin başçısı bununla bağlı Kim Çen Ina təşəkkür edib.
Tramp, eyni zamanda, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi üzrə Kim Çen Inla gələcək görüşünün müsbət nəticələr verəcəyinə əmin olduğunu söyləyib. ABŞ KİV-lərində yayılan məlumata görə, görüş mayın sonlarında, yaxud iyunun əvvəlində Sinqapurda baş tutacaq.
Qeyd edək ki, KXDR-də casusluq və düşmənçilik fəaliyyəti üzrə mühakimə olunmuş 3 ABŞ vətəndaşı aprel ayının əvvəllərində saxlanıldıqları həbs düşərgələrindən Pxenyan ətrafında yerləşən mehmanxanaya köçürülmüşdü. Onların azad olunmasına dair danışıqlar KXDR-də ABŞ-ın maraqlarını təmsil edən İsveçin vasitəçiliyi ilə aparılıb.