Laçın-Xankəndi yolundakı etiraz aksiyası mükəmməl milli birliyin və bəşəri dəyərlərə sadiqliyin təntənəsidir
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan vətəndaş cəmiyyəti böyük və şərəfli inkişaf yolu keçib və özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan vətəndaş cəmiyyətinin tarixi də kifayət qədər zəngindir və o, xalqımızın ümumi intellektual səviyyəsinə, malik olduğu humanizm prinsiplərinə müvafiq olaraq fərqli dövrlərdə fəaliyyəti üçün yaradılan imkanlar çərçivəsində mövcudluğunu təmin edə bilib. Təbii ki, bu imkanlar hər zaman geniş olmayıb. Ölkəmizdə müstəqillik uğrunda başlamış mübarizənin ilkin dövrlərindən əsas insan hüquqları, demokratiya, qərarların qəbulunda və reallaşmasında fəal iştirakının təmin olunması, insanlarımızın pozulmuş hüquqlarının bərpası naminə ziyalılarımızın rəhbərliyi ilə yeni formatda vətəndaş cəmiyyəti institutları formalaşdı. Vətəndaş cəmiyyətinin ən vacib elementlərindən biri kimi qeyri-hökumət təşkilatları yaranmağa və ictimai həyatda fəal insanların həmin birliklər ətrafında birləşməsi ilə nəticələndi.
Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a açıqlamasında deyib.
İ.Orucov bildirib ki, demokratik dəyərlərə, əsas insan hüquq və azadlıqlarına, söz, fikir və ifadə azadlığına önəm verən müstəqil Azərbaycan dövləti ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında olduqca maraqlıdır və bunun üçün ən ali səviyyədə siyasi iradə ortaya qoyulub. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində də məqsədli, ardıcıl və davamlı işlər görülüb, konkret institusional qərarlar qəbul edilib. 2007-ci il iyulun 27-də qəbul edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nda dövlət dəstəyinin prioritet istiqamətləri əksini tapıb. Konsepsiyada qeyd edildiyi kimi, mövcud iqtisadi inkişaf mərhələsində vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanları daha genişdir və qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsinə zərurət var. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. Eyni zamanda, sənəddə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prioritetləri və dövlət dəstəyinin təmin olunmasının əsas vasitələri əksini tapıb. Göründüyü kimi, dövlətimizin ortaya qoyduğu siyasi iradə demokratik dəyərlərə sahiblənmək, onu inkişaf etdirmək və dövlətimizin inkişafı naminə bu resurslardan səmərəli istifadəni hədəfləyir.
Prezident Administrasiyasında müvafiq şöbə, parlamentdə isə müvafiq komitə yaradılıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 2021-ci il 19 aprel tarixli Fərmanla isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. QHT qanunvericiliyi sahəsində bir sıra mühüm qərarlar qəbul edilmiş, QHT-lərin Ədliyyə Nazirliyində dövlət qeydiyyatı proseduru xeyli sadələşdirilib. Dövlət büdcəsi hesabına QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə qrant verə bilən dövlət qurumları müəyyən olunub. Fərmanda göstərildiyi kimi, dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təkcə milli donor institutu olaraq deyil, həmçinin yeni formatda qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir.
“Bildiyimiz kimi, artıq cəmiyyət tamamilə yeni çağırışlarla üz-üzədir. Sürətlə dəyişən qlobal dünyanın çağırışları, rəqəmsallaşma, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, resursların məhdudiyyətləri, miqrasiya, COVID-19, enerji böhranı və müharibə kimi qlobal problemlərlə üzləşən vahid həllər üçün vətəndaş cəmiyyətinin səfərbər olması, dəyişikliklərə hazırlıqla əlaqədar adekvat seçim imkanlarının düzgün müəyyənləşdirə bilməsi olduqca vacibdir. Buraya milli maraqlar və dövlətçilik prizmasından nəzər saldıqda milli dəyərlərin qorunub saxlanması, dövlətimizə qarşı xarici təhdidlər, postmüharibə reallıqları və s. kimi ümumxalq maraqlarının təmin edilməsi reallıqları da aydın görsənir. Bizim vətəndaş cəmiyyəti və onun tərkib elementi olaraq QHT sektoru həm qlobal, həm də milli maraqların cəmləşdiyi yükü daşımaq imkanında olmalıdır”, - deyə İ.Orucov bildirib.
O diqqətə çatdırıb ki, həm torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə, həm müharibə dövründə qeyri-hökumət təşkilatlarımızın milli dövlətçilik maraqları naminə fəaliyyətində kifayət qədər yaxşı nümunələr mövcuddur. Azərbaycan həqiqətlərinin təbliği, haqq səsimizin beynəlxalq səviyyəyə çatdırılması, informasiya savaşında geridə qalmamaq kimi missiyaları qeyri-hökumət təşkilatları ən yüksək səviyyədə həyata keçirə bildilər və bu gün də cəmiyyətin müxtəlif təbəqələrindən olan - fərqli peşə sahibləri, tələbələr, könüllülər, peşəkar mütəxəssislər olaraq təmsil olunduqları ictimai birliklər vasitəsilə dövlətin və dövlətçiliyin yanındadırlar. Biz 44 günlük Vətən savaşında həm döyüş meydanında, həm arxa cəbhədə, həm beynəlxalq müstəvidə müxtəlif formatlarda haqq işimizə birmənalı dəstək ifadə edən qeyri-hökumət təşkilatlarından olan fəallarımızı görə bilirdik.
Son günlər Laçın-Şuşa-Xankəndi yolunda təşkil olunmuş humanist və dinc aksiyanın da məhz qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə reallaşdığını vurğulayan İ.Orucov deyib: “Minlərlə vətəndaş cəmiyyəti fəalını birləşdirən məqam bəşəri və ümummilli amalların kəsişməsində qərarlaşıb. Bu aksiyanın əsasında dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazilərində təbii ehtiyatlarımıza və sərvətlərimizə qarşı ekoloji terror həyata keçirən Ermənistanın qanunsuz əməllərinə qarşı beynəlxalq aləmin diqqətini cəlb etmək, ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təkcə Azərbaycana qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ekoloji terrora göz yummasına qarşı etiraz etmək dayanır. Artıq on gündən çoxdur ki, hava şəraitindən asılı olmayaraq, gecə-gündüz ara verilmədən davam edən bu aksiyalar qeyri-hökumət təşkilatlarının mükəmməl milli birliyinin və bəşəri dəyərlərə sadiqliyinin təntənəsi, tarix qarşısında müvəffəqiyyətlə verdikləri növbəti vacib bir imtahandır.