“Landau School” təhsil müəssisəsinin şagirdləri Neft-Kimya Prosesləri İnstitutunda olublar
Bakı, 1 dekabr, AZƏRTAC
“Landau School” ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri direktor müavini kimya üzrə fəlsəfə doktoru Küşvər Hacıyevanın rəhbərliyi ilə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
Bu barədə AZƏRTAC-a NKPİ-dən məlumat verilib. Bildirilib ki, əvvəlcə şagirdlər institutun baş direktoru akademik Vaqif Abbasovla görüşüblər. Görüşdə Vaqif Abbasov elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik müəllifi olduğu kitablardan şagirdlərə hədiyyə edib.
Sonra şagirdlər “A Level” kimya proqramı üzrə keçdikləri mövzuları praktiki olaraq müşahidə ediblər. Onlar institutun laboratoriyalarında müxtəlif aparatlarda nümunələrin necə analiz edilməsi ilə tanış olublar.
Şagirdlər, həmçinin NKPİ-də akademik Yusif Məmmədəliyevin memorial muzeyində olublar. Akademik Vaqif Abbasov şagirdlərə görkəmli alimin həyatı və elmi işləri haqqında ətraflı məlumat verib.