LƏNKƏRAN MAYAKININ 140 YAŞI TAMAM OLUR
Lənkəran, 19 noyabr (AZƏRTAC). Lənkəran mayakının 140 yaşı tamam olur.
Dəmir yolu vağzalı və Xəzər dənizinə yaxın ərazidə Dairəvi qala ilə eyni vaxtda inşa edilmiş mayak arxitektura baxımından rayonun ən gözəl tikililərindən biridir. Hər iki tikili arasında gizli yol olmuşdur. Gəmi ilə gətirilən dustaqları məhz bu gizli yolla bir qaladan digərinə aparırmışlar. Çar Rusiyası dövründə qalanın yuxarı hissəsinə işıqlandırıcı fanar qoyularaq ondan mayak kimi istifadə edilmişdir. İndi həmin vaxtdan 140 il keçir.
Bu gün də Lənkəran mayakı günəş batandan çıxanadək Xəzər dənizində üzən gəmilərə bələdçilik edir. O, rayonda ən hündür (36 metr) tikilidir. Mayakın qülləsində yerləşdirilən optik cihaz vasitəsilə dənizə 45 kilometr məsafəyədək işıq siqnalı vermək mümkündür. Bu siqnallar vasitəsilə Xəzərin cənub sularında üzən bütün gəmilər öz istiqamətlərini müəyyən edə bilirlər.
Bu nadir arxitektura nümunəsi turistləri daha çox cəlb edir, onlar mayakın qülləsindən Lənkəran şəhərini seyr etməyi sevirlər.