Lənkəranda “Dolu” bədii filminin təqdimatı olmuşdur
Lənkəran, 13 noyabr (AZƏRTAC). Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı bədii filmin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, filmdəki hadisələr 1991-ci ildə Qarabağda cərəyan edir. Həmin dövrdə orduda hökm sürən səriştəsizlik və hərc-mərclik, ön cəbhədə vuruşan könüllülərdən ibarət dəstələrin qəhrəmanlığı və şücaəti filmdə öz bədii əksini tapmışdır.
Filmin quruluşçu rejissoru Elxan Cəfərov, baş rolun ifaçısı Məmməd Səfadır. “Drakon” rolunda Rza Rzayev, “Pələng” rolunda Elvin Əhmədov, Katib rolunda Xalq Artisti Fuad Poladov çəkilmişlər.
Təqdimat mərasimdə çıxış edən filmin ssenari müəllifi Aqil Abbas əsərin əsas qayəsi barədə danışaraq bildirmişdir ki, həm romanda, həm də filmdə Lənkərandan başqa heç bir rayonun adı çəkilmir. Filmin əvvəlində döyüş səhnələri təsvir olunan hissədə belə bir cümlə səslənir: Lənkərandan 25 nəfər cəbhəyə könüllü köməyə gəlmişdir.
A.Abbas bunu belə izah etmişdir: Roman və filmin ssenarisi şəxsi müşahidələrim əsasında qələmə alınmışdır. Lənkərandan olan 15 yaşlı gənc valideynlərindən xəbərsiz Qarabağa gedir və mənfur ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olur. Atası oğlunun vuruşduğu cəbhə bölgəsinə gəlir və övladını şəhid olduğu yerdə dəfn etdikdən sonra onun avtomatını götürərək düşmənlə döyüşə gedir. Doğrudan da çox təsirli və ibrətamiz hadisədir. Məhz buna görə də romanda və filmdə yalnız Lənkəranın adı çəkilir.
Daha sonra “Dolu” filminin yaradıcı kollektivi tamaşaçılara təqdim olunmuş və film nümayiş etdirilmişdir.
Filmin nümayişi başa çatdıqdan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müəllifə və yaradıcı heyətə bütün lənkəranlılar adından minnətdarlığını bildirmişdir.