Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılmışdır
Lənkəran, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Lənkəran şəhərində qəhrəmanın adını daşıyan parkda anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, təhsil işçiləri, “N” saylı hərbi hissənin zabit və əsgərləri, məktəblilər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edən Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışaraq Ə.Əliyevin 1995-ci ilin mart hadisələri zamanı dövlətimizin müstəqilliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu diqqətə çatdırmışdır.
Anma mərasimində çıxış edənlər torpaqlarımız uğrunda fədakarcasına vuruşaraq şəhid olmuş həmvətənlərimizin, o cümlədən Əsgər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayaraq ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısından danışmışlar.
Milli Qəhrəmanın atası Ələkbər Əliyev övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini ifadə edərək Əsgər Əliyevin xatirəsinin əziz tutulduğu üçün minnətdarlığını bildirmiş, oğluna həsr etdiyi şeirini oxumuşdur.
Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.