LƏNKƏRANDA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Avqustun 11-də Lənkəran şəhərinin Tofiq İsmayılov küçəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilən Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmək üçün buraya gəldi. Açılış mərasiminə toplaşan minlərlə sakin dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə qarşıladılar, onlara gül dəstələri təqdim olundu.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, konsultativ diaqnostik poliklinika, inzibati bölmə, əməliyyat bloku, qəbul, şüa diaqnostikası, reanimasiya, cərrahiyyə, hemodializ şöbələrinə və palatalara baxdı.
Bildirildi ki, bir il ərzində dünya standartlarına uyğun tikilən yeni tibb müəssisəsi təxminən 3 milyon dollar dəyərində ən müasir tibbi avadanlıq və ləvazimatla təchiz edilmiş, 300 nəfər daimi işlə təmin olunmuşdur. Burada xəstələrin müalicəsi üçün hər cür şərait yaradılmış, kadr heyəti təkmilləşdirilmişdir. Əsasən, Almaniyanın “Siemens” şirkətinin istehsalı olan ən son avadanlıq böyrək xəstəliklərinin diaqnostikası və müalicəsi üçün çox yararlıdır. Bu avadanlıq dünyanın ən tanınmış nüfuzlu şirkətləri tərəfindən quraşdırılmışdır. İstilik, elektrik enerjisi, su təchizatı ilə bağlı hər cür şərait yaradılan mərkəzdə oftalmologiya, kompyuter tomoqrafiyası, kardiologiya kabinetləri də fəaliyyət göstərir.
Məlumat verildi ki, cənub bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən 7 min xəstə vardır. Artıq müalicə üçün 38 xəstə müraciət etmişdir.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirərək, ölkəmizin bütün bölgələrində belə mərkəzlər yaradıldıqdan sonra böyrək çatışmazlığından əziyyət çəkən insanların müalicə və müayinəsinin asanlaşacağını, onların digər yerlərə getməsinə ehtiyac qalmayacağını söylədi. Ən son hemodializ aparatlarının məhz burada quraşdırıldığını vurğulayan dövlətimizin başçısı Bakıdakı xəstəxanaların da bu cür avadanlıqla təmin olunmasının zəruriliyini bildirdi.
X X X
Sonra Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin açılışına həsr olunmuş mərasim keçirildi. Mərasimi Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açdı.