Lənkəranda “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda müzakirələr aparılıb
Lənkəran, 7 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 7-də Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş respublika elmi-praktiki konfransında “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafı, xalqın tərəqqisi naminə çoxşaxəli fəaliyyətindən, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Bu gün Prezident İlham Əliyevin ölkənin davamlı inkişaf xəttini uğurla davam etdirdiyini diqqətə çatdıran N.İbrahimov Lənkəran Dövlət Universitetində əldə edilən nailiyyətləri bu uğurlu siyasətin nəticəsi kimi dəyərləndirib.
Konfransda texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə Azərbaycanda və dünyada elm və istehsalatın vəhdəti istiqamətində aparılan işlər, qazanılan uğurlar, həllini gözləyən problemlər və gələcək hədəflər müqayisəli şəkildə ətraflı təhlil edilib.
Məruzə ətrafında müzakirələrdə AMEA-nın İqtisadiyyat İnstitutunun professoru, iqtisadiyyat elmləri doktoru Təbriz Əliyev, Astara Pedaqoji Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimov çıxış edərək, ölkəmizdə son illərdə aparılan iqtisadi islahatlardan və qazanılan uğurlardan, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyindən danışıblar.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
İki gün davam edəcək respublika elmi-praktiki konfransı öz işini dörd bölmədə - “Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat, aqrar və texnika elmləri”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika” bölmələrində davam etdirib.